29.08.2016

Ağstafa rayonunda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu başladı

         Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə müraciət edən valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri, iyul ayının 20-dən başlayaraq avqustun 20-dək qeydiyyata alınıb. Uşaqların seçimi Ağstafa rayon Təhsil Şöbəsində  avqustun 29-dan başlayaraq sentyabrın 7-dək davam edəcək. Müsahibə komissiyası Ağstafa şəhər 1saylı tam orta məktəbinin nəzdində yaradılan yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) ibarətdir. Komissiyaya rayon təhsil şöbəsinin müdiri rəhbərlik edir. Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu komissiyanın rəyi əsasında rayon təhsil şöbəsi müdirinin əmri ilə rəsmiləşdirilir. Əmrin surəti uşağın təhsil alacağı məktəbə təqdim olunmaq üçün onun valideyninə (digər qanuni nümayəndəsinə) verilir.

        Nəzərinizə çatdıraq ki, aşağıdakı zehni keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur:

 

1. Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi.

2. Nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi. Təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması. Yaşa görə söz ehtiyatının zənginliyi.

3. Dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.

4. Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi.

5. Müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi.

6. Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.

 


Açar sözlər: ,  ,