20.09.2016

Goranboydan Ağstafaya işləməyə gələn gənc müəllim

            2016-cı ildə Ağstafa rayonuna 17 nəfər müəllim ümumtəhsil məktəbinə qəbul olub. Onların 5- i informatika, 4- ü coğrafiya, 2- si riyaziyyat, 2- si kimya, 1- i musiqi, 1- i ibtidai sinif, 1- i biologiya, 1- i Azərbaycan dili və ədəbiyyat müəllimidir. Gənc müəllimlərən biri də Xəlilova Nuranədir. Gənc müəllimi tanıyaq.

            Özünüz haqqında məlumat verin.

            - Mən 15 dekabr 1995-ci ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuşam. Orta məktəbi həmin kənddə oxuyub, 9- cu sinifdən Gəncə Humanitar kollecinin musiqi müəllimliyinə qəbul olmuşam.

            Müəllim olmağa nə vaxt qərar vermisiniz?

            - Müəllimliyi çox sevirəm. Atam musiqiçi olduğu üçün uşaqlıqdan musiqiyə bağlı olmuşam. İxtisas seçərkən də elə məhz musiqi müəllimliyini seçdim. Təhsil aldığım illərdə musiqiyə daha çox bağlandım.

        Goranboy rayonunda andan olmusunuz və orda yaşayırsınız. Ağstafa rayonunun Poylu kəndində işləmək sizə çətin deyil? Bu seçim sizi qane edirmi?

         - Mən peşəmə bağlıyam ona görə də, harada işləməyin önəmimin yoxdur. Əsas odur ki, mən şagirdlərə nəyisə öyrədə bilim. Lazım olsa ən ucqar dağ kəndinə getməyə belə razıyam. Burada yaşamaq mənə çətin gəlmir, çünki mən əvvəlcə də kənddə yaşayırdım.

            Regionlarda işləmək istəyən gənc müəllimlərə nə demək istəyirsiniz?

            - Regionlarda işləmək istəyən müəllimlərə demək istəyirəm ki, heç bir çətinlikdən qorxmasınlar, ən əsası peşələrini sevsinlər.

       Tədris etdiyiniz S. H. Məmmədov adına Poylu kənd orta məktəbində müəllim- şagird  münasibəti necədir?

            - Müəllim- şagird münasibətində aparıcı qüvvə müəllimdir. Əgər müəllim bu münasibəti qoruyub saxlayırsa, o tədrisdə istədiyi uğurları əldə edir. Tədris etdiyim məktəbdə müəllim- şagird münasibəti çox yaxşıdır.

            Asudə vaxtlarınızda nə edirsiniz?

            - Asudə vaxtlarımda dünyada və Azərbaycanda musiqi sahəsində olan yeniliklərlə maraqlanıram. Eyni zamanda kirayədə qaldığım ev sahibinə kömək edirəm.


Açar sözlər: ,  ,