23.03.2017

“Ölkəmizi tanıyaq”-Ağstafa məktəbliləri Qəbələyə yollanıblar

Martın 23-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağstafa rayonundan 40 nəfər IX-XI sinif şagirdi, 4 bələdçi müəllimin müşayiəti ilə Qəbələ şəhərinə yola düşüblər.

Məktəblilər dörd gün ərzində Qəbələ ilə yanaşı, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradacaq.

Tur-aksiya iştirakçıları müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ tarix və mədəniyyət qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər.

Eyni zamanda məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə tanış olacaqlar.

Zaqatalada isə şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər.

Martın 26-da məktəblilər geri qayıdacaq.