04.04.2017

 “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

Martın 4-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ağstafa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Daxili İşlər, Səhiyyə, Təhsil Nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün Ağstafa Rayon Təhsil Şöbəsində təlim-məşğələ keçirilib.

Təlim yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilib, eyni zamanda iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunublar.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunub.

Sonda təlim mövzusu və məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və aidiyyəti orqanların əməkdaşlarıı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.