07.04.2017

Diaqnostik qiymətləndirilmənin vaxtı açıqlanıb

Aprelin 7-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında diaqnostik qiymətləndirmənin vaxtı açıqlanıb.

Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 aprel 2017-ci il tarixlərində Tovuz rayonunda keçiriləcək.

Qeyd olunub ki, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və  hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb.

Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də iştirak edəcəklər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.