10.04.2017

Londondan təlimdən qayıdan müəllimlər öz təsüratlarını bölüşüblər

Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar. Səfərdə 10 ingilis dili müəllimi iştirak edib. Onlardan 2 müəllim Ağstafa rayondan olan  müəllimlərdir.  Müəllimləri sizə təqdim edirik.

Vaqif Nəsibov 1978-ci ildən Saloğlu kənd tam orta məktəbində ingilis dili müəllimi olaraq işləyir.

Xoş təsüratlarla qayıdan Vaqif müəllim: - 7 günlük təlimlərdə iştirak etdik. Təlimlərdə çox yeniliklər öyrəndik. Yüksək səviyyədə keçirilən təlimdə iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Düşünürəm ki, Londona getmək hər bir rayon müəlliminin arzusudur. Təlimlərimiz də çox yüksək səviyyədə keçirdi. Mark Smith və Vittorio Palossi tərəfindən keçirilən təlimlərdə çox məlumatlar əldə etdik. Onların təlim metodları çox yaxşı idi. Təlimdə əsasən dərslərin planlaşdırılması və daha da maraqlı olması üçün lazımi məlumatlar öyrəndik. Səfər müddətinin qısa olmasına baxmayaraq bir çox insanlarla ünsiyyətdə olduq ki, bu da bizim dil bacarıqlarının daha mükəmməlləşməsinə kömək etdi. Düşünürəm ki, təlimdə öyrəndiklərimi dərslərimdə tətbiq edəcəyəm. Bu imkanı bizə yaratdığına görə Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara minnətdarlığımı bildirirəm.

Günay Kərimova 2006-cı ildən Qıraq Kəsəmən kənd tam orta məktəbində ingilis dili müəllimi işləyir.

Günay müəllim: - Biz 19-26 mart tarixlərində Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Wimbledon ingilis dili məktəbində təlimlərdə iştirak etdik. Səfərimiz çox səmərəli keçdi. Təlim müddətində dil bacarıqlarımızın inkişaf etdirilməsi məqsədilə bizi yerli ailələrdə yerləşdirdilər. Nəzərə çatdırım ki, həmin ailələr məktəblə sıx əlaqədə olan və sınanmış ailələr idi. Onlar bizə qarşı çox isti, mehriban münasibətdə idilər. Təlimlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qısa müddət ərzində biz çox şeylər öyrəndik. Şagirdlərin qiymətləndirilməsi və onun metodları, tədris prosesində hansı üsullardan istifadə etməklə daha yaxşı nəticəyə nail olunması və sair kimi məsələlər məndə xüsusi maraq oyatdı. Təlimlər çox əyləncəli keçirdi. Vaxtın necə keçdiyini hiss etmirdik. Dərslər əsasən diskussiya və müzakirələr şəklində aparılırdı. Təlimlərdə müxtəlif xalqların mədəniyyəti, təhsil sistemi müqayisəli şəkildə müzakirə olunurdu. Belə bir səfərin təşkil olunmasına görə Təhsil Nazirliyinə və digər təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm.