28.04.2017

Məktəblilər üçün Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğuna ekskursiya təşkil edilib

Aprelin 27-də Həsənsu kənd tam orta məktəbinin müəllim heyəti və 6-cı sinif şagirdləri ölkəmizin maddi-mənəvi dəyəri olan Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğuna təşkil edilmiş ekskursiyada iştirak ediblər.

Ekskursiyanın təşkil edilməsində məqsəd  məktəbliləri tarixi yerlər, qədim memarlıq abidələri ilə tanış etmək, rayonu daha yaxından tanıtmaqdır.

Şagirdlər ilk olaraq İlham Əliyev zirvəsi ilə tanış olublar. Daha sonra Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunda yerləşən mağara-məbədlər kompleksini ziyarət ediblər. Qoruğun əməkdaşları şagirdlərə mağara-məbədlər kompleksi haqqında məlumat veriblər.

Məlumat üçün bildirək ki, Keşikçidağ mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 km-dək uzanır. "Keşikçidağ" mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750–950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.