21.06.2017

Ağstafa məktəbliləri üçün Şəki şəhərinə ekskursiya təşkil olunub

İyunun 18-də Poylu kənd tam orta məktəbin şagirdləri üçün ekskursiya təşkil olunub. Ekskursiyada məktəbin müəllimləri və 9-cu sinif şagirdləri iştirak edib.

Ekskursiyanın təşkil olunmasında məqsəd məktəbliləri milli vətənpərvərlik, tarixi keçmişimizə hörmət, adət-ənənələrimizə məhəbbət ruhunda tərbiyə etmək, Azərbaycanın tarixi və coğrafiyası daha yaxından tanış etməkdir.

Ağstafa rayonundan yola düşən məktəblilərin ilk dayanacağı Gəncə şəhərindəki Nizami məqbərəsi olub. Burada şagirdlər N.Gəncəvinin əsərləri və məqbərənin yaxınlığında şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidələrlə tanış olub, şairinin ata anasının qəbrini ziyarət ediblər.

İkinci dayanacaq Şəki şəhəri olub. Burada məktəblilər Şəki Xan sarayı, Şəki şəhər Tarixi Diyarşünaslıq muzeyi, Marxal gölü ilə tanış olublar. Ekskursiya zamanı şagirdlər tur bələdçiləri vasitəsi ilə Şəki şəhərinin tarixini əks etdirən maddi mədəniyyət nümunələri haqqında məlumat əldə ediblər.

Yol xəritəsi üzrə şagirdlər Şəki şəhərindən sonra Mingəçevir şəhərində olublar.