29.06.2017

Buraxılış imtahanları ilə bağlı iclas keçirilib

İyunun 29-da Ağstafa RTŞ-də IX-XI sinif şagirdlərinin buraxılış imtahanları ilə bağlı iclas keçirilib. İclasda məktəb direktorlarına bir sıra tapşırıqlar verilib.

Qeyd edək ki, buraxılış imtahanı iyunun 30-da keçiriləcək. Ağstafa rayon məktəbləri üzrə IX sinifdən 887 şagird, XI sinifdən isə 706 şagird olmaqla ümumillikdə 1593 şagird iştirak edəcək.

IX və XI sinif üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənnlərindən olmaqla 2 mərhələdən ibarətdir.

İkinci mərhələdə şagirdlərə digər məzmun standarları üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırıqları təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

İmtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Ağstafa rayonu üzrə imtahanların idarə olunmasına, ümumilikdə 8 imtahan rəhbəri, 73 nəzarətçi-müəllim ayrılıb.