13.07.2017

“Bütün peşələrin sahibləri öz sənətlərinin sirlərini müəllimdən öyrənir”- Nailə Həsənova

Nailə Həsənova Xılxına kənd tam orta məktəbin fizika müəllimi işləyir. Onu bütün həmkarları, ən çox da şagirdlər sevir. Mehribandır, qayğıkeşdir, əlindən tutduğu şagirdini yolun sonuna qədər aparmağı bacarır. Hər kəsə fərdi yanaşır, dinləyir. Bir sözlə müəllimlik peşəsinin bütün müsbət keyfiyyətləri bu xanımda öz əksini tapıb. Nailə müəllim Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

-Nailə müəllim, bu peşəni niyə seçmisiniz?

-Mən orta məktəbdə oxuyarkən riyaziyyat müəllimim Tamella müəllimdən ilham aldım. Həmişə o müəllimə oxşamaq istəyirdim. Fizika müəllimim Qurban müəllim isə mənə tam stimul verdi. Mən sənədlərimi fizika müəllimiyinə verdim.

-Nailə xanım, öyrənməkmi asandır yoxsa öyrətməkmi?

-Öyrənmək. Amma bir məqam da var. Öyrətmək üçün də qarşındakında istək olmalıdır. Sən o istəyi görməlisən. Yoxsa  “tək əldən səs çıxmaz”. Fizika elə bir fəndir ki, həm öyrənirəm, həm də öyrədirəm. Müşahidə və təcrübələr zamanı yaradıcı təfəkkür inkişaf edir.

-Neçə ildir dərs deyirsiniz? Yaddaşınızda iz buraxan bir əhvalatı bizimlə bölüşərsinizmi? 

-1991 - ci ildən. Artıq 26 ildir. Sözün açığı, illəri sayanda bir az narahat oluram, qocaldığımı düşünürəm. Əlbəttə, yaddaşımda çox xatirələr, maraqlı əhvalatlar var. Xatirələri sizinlə bölüşsəm saatlar, bəlkə də, günlər bitməz. Onu deyim ki, ən gözəl şey yetişdirdiyim məzunlardır. Bu gün onları hansısa bir vəzifədə görəndə fəxr edirəm.

-Müəllim olmağa peşman deyilsiniz?

-Nə danışırsınız? Müəllimlik qədər gözəl ikinci peşə varmı? Ən azı, bu mənim üçün belədir. Bütün peşələrin sahibləri öz sənətlərinin sirlərini məhz müəllimdən öyrənir. İnanın, mən xəstə işə gedəndə artıq sağalıram. Kefim olmayanda sevimli şagirdlərimi görən kimi əhvalım düzəlir. Problemim olanda sinfə daxil olub dərsə başlayan kimi unuduram. Mən müəllim olmağıma, bu sənəti seçməyimə görə çox şadam. 26 ildir peşman olmamışam, inanmıram ki, bundan sonra nə vaxtsa peşman olam.

-Həmkarlarınıza, eləcə də şagirdlərinizə nə demək istərdiniz?

-Hörmətli həmkarlar, peşənizin qədrini bilin. Şagirdlərə öz övladınız kimi baxın. Şagirdlərə isə demək istəyirəm ki, bacardığınız qədər oxuyun. Dövlətimiz bu qədər şərait yaradırsa, siz də özünüzü doğrultmalısınız. Siz bizim gələcəyimizsiniz.


Açar sözlər: