18.10.2017

Milli Müstəqillik Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

Oktyabrın 18-də Ağstafa rayon ümumtəhsil müəssisələrində Milli Müstəqillik Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə  hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini  yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf  yolunda qazandığı parlaq nailiyyətləri  təbliğ etməkdən ibarətdir.

Şəhər 2 nömrəli məktəbdə Milli Müstəqillik Gününə həsr edilən tədbir və “Açıq dərs” keçirilib.

Məktəbin tarix müəllimi Afaq Rəhimova hər kəsi bu gün münasibətilə təbrik edib. Azərbaycanın inkişaf strategiyasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan məktəbin tarix müəllimi Afaq bu yolun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Eyni zamanda Azərbaycanın hərtərəfli inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mühüm xidmətləri olduğunu nəzərə çatdırıb.

Şagirdlər Milli Müstəqillik Gününə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.

Milli Müstəqillik Günü münasibətilə Vurğun qəsəbə tam orta məktəbində dəyirmi masa təşkil edilib.

Himn sədaları altında başlanan tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Məktəbin tarix müəllimi Nizami Əliyev: “Bu gün - oktyabrın 18-i Azərbaycanın Müstəqillik Günü kimi qeyd olunur. XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Bu gün münasibətilə hər birinizi təbrik edirəm” – deyə qeyd edib.

Məktəbin şagirdləri Milli Müstəqillik Günü haqqında çıxış ediblər.

Saloğlu qəsəbə tam orta məktəbində Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Məktəbin direktoru  Güloğlan Kərimov Milli Müstəqillik Günü haqqında şagirdlərə məlumat verib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 26 ildə əldə olunmuş uğurlardan danışıb.

Daha sonra şagirdlərin hazırladıqları səhnəciklər izlənilib.

Həsənsu kənd tam orta məktəbində Milli Müstəqillik günü münasibətilə dəyirmi masa təşkil edilib.

Tədbir himn sədaları altında başlayıb. Məktəbin pedaqoji və şagird kollektivinin iştirak etdiyi tədbirdə tarix müəllimi Əsmət  Əliyeva şagirdlərə bu günün tarixindən danışıb.

Aşağı Kəsəmən tam orta məktəbində müstəqilliyimizin bərpasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirilib.Tədbirdə dövlət müstəqilliyindən bəhs edən videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,