23.11.2017

“Müəllimimə olan sevgim məni müəllim etdi” – gənc müəllim Suqra Novruzova

Suqra Novruzova bu il müəllimlərin işəqəbulu müsabiqəsində 54 bal toplayaraq Ağstafa şəhər 3 nömrəli tam orta məktəbə qəbul olub. Suqra müəllim Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix müəllimliyi ixtisasını bitirib. Daha sonra Azərbaycan Pedaqoji Universitetində magistr təhsili alıb.

Yeni müəllimlik peşəsinə yiyələnmiş Suqra Novruzovanın fikir və təəssüratlarını öyrənmək üçün çalışdığı məktəbə gedərək özü ilə həmsöhbət olduq

-Suqra Novruzova üçün müəllimlik peşəsi nə deməkdir?

-Açığı desəm, uşaqlıqdan müəllimlik peşəsini çox sevirəm. Mən şagird olarkən öz tarix müəllimimi çox sevirdim. Müəllimimə olan sevgim məni müəllim etdi. Həmişə hesab etmişəm ki, müəllimlər qeyri-adi bir təbəqə, zümrədirlər. Ümumiyyətlə bizlərdə bir Azərbaycan türkü olaraq həm mənəvi dəyərlərimizdə, həm  də dini dəyərlərimizdə müəllimliyə bir növ münasibət fərqlidir. Cəmiyyətimizdə biz həmişə müəllimlərlə bağlı yalnız müsbət məqamlara rast gəlmişik.

-Bildiyimiz kimi hazırda çalışdığınız məktəb ilk iş yerinizdir. Şagirdlərlə münasibətiniz necədir?

-Bəli ilk iş yerim Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdir. Mən şanslı müəlliməm ki, bir zamanlar təhsil aldığım məktəbə müəllim olaraq geri qayıtmışam. Şagirdlərlə münasibətim düşündüyümdən daha yaxşıdır. Düşünürəm ki, bu qısa vaxtda şagirdlərin sevgisini, hörmətini qazana bilmişəm. Məncə bir müəllim üçün də ən vacibi məhz elə budur.

-Şagirdlərlə işləmək çətin deyil?

-Mənim üçün yox. Əksinə xoşdur. Dərs vaxtı, yaxud dərsdən sonra şagirdlərlə söhbət edirəm. Dərslərimiz maraqlı keçir, mövzularla bağlı müəyyən diskussiyalarımız olur. Bu mənə zövq verir. Çünki mən öz peşəmi sevirəm. Müəllimlik mənim üçün qeyri-adi bir peşə olduğuna görə şagirdlərlə olan münasibətlərimin yaxşı olmağını özümə borc bilirəm.

-Belə bir deyim var ki, müəllim daima mütaliə etməlidir. Bu fikirlə razısınız?

-Əlbəttə razıyam. Yaxşı müəllim olmaq istəyirsənsə, təbii ki, başladığın yolda iri addımlarla irəliləməlisən. Bunun üçün də çoxlu mütaliə etmək, informasiya qəbul etmək - bir sözlə, maariflənmək lazımdır. Müəllim təkcə öyrədən deyil eyni zamanda öyrənəndir.

-Tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nələr edirsiniz?

-Tarix elə bir fəndir ki, düşünürəm bu fənni sevməyən çox az adam tapılar. Dərs dediyim şagirdlərdə maraq yaratmaq üçün birinci növbədə şagirdlərlə münasibətimi düzgün qurmağa çalışıram. Şagirdləri vətənpərvər ruhda tərbiyə etməyə çalışıram. Nəticə etibarı ilə ən birinci vacib məqam ailələrinə, vətənlərinə, millətinə xeyirli bir insan olsunlar. Əgər bir insan xeyirli bir insandırsa o təbii ki, müxtəlif sahələrdə yalnız müsbət irəliləyişlər əldə edə bilər.

-Məlumdur ki, 54 balla işə qəbul olmusunuz. Gələcəkdə müəllim olmaq arzusunda olan şəxslərə nə tövsiyə edərdiniz?

-Səmimi olaraq deyim ki, yüksək bal toplamaq elə də çətin deyil. Öz fənnini sevmək kifayət edir ki, sən yüksək nəticə əldə edəsən. Hörmətli həmkarlar, öz üzərinizdə çalışsaz asanlıqla siz də müəllim adını qazana bilərsiniz.

Mən gənc müəllim kimi fürsətdən istifadə edib Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm ki, tam şəffaf və ədalətli şəkildə müəllimlərin işə qəbulu müsabiqəsini keçirib, bizim kimi gənc kadrların işlə təmin olunmasına kömək olurlar.


Açar sözlər: ,  ,  ,