26.12.2017

Şəhər 3 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib

Dekabrın 26-da Ağstafa şəhər Səadət Şükurova adına 3 nömrəli tam orta məktəbin binası əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.

Açılış mərasimdə rayon icra hakimiyyətinin başçısı, təhsil şöbəsinin məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də müəllim, şagird və valideynlər iştirak ediblər.

Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, məktəbin müəllimi Elnarə İskəndərova və digərləri Ağstafa rayonunun təhsil sisteminə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub. Binanın köhnə dam örtüyü yenilənib, ətraf ərazi dekorativ hasara alınıb. Məktəbin bufeti, idman, akt və kitabxana zalları, sanitar qovşaqlar müasir tələblərə uyğun yenidən qurulub. Elektrik, istilik sistemi yenilənib, bütün mərtəbələri əhatə edən müşahidə kameraları quraşdırılıb.

Qeyd edək ki, məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq təmir edilib.


Açar sözlər: ,  ,  ,