26.01.2018

Gənc müəllim- Nərmin Əliyeva

Nərmin Əliyeva 1992-ci ildə Ağstafa rayonunda anadan olub. 2010-cu ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra müəllimlərin işəqəbulu müsabiqəsində iştirak edib. Bir il Balakən rayonunda müddətli müqavilə ilə işləyib. Daha sonrakı il yenidəm müəllimlərin işəqəbulu müsabiqəsində iştirak edərək 51 balla Cəlilabad rayonunun Zopun kəndinə işə qəbul olub. 2017-ci ildə Nərmin müəllim müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsində iştirak edib və , iş yerini Cəlilabad rayonunun Zopun kəndindən Ağstafa rayonunun Aşağı Göycəli kəndinə dəyişib.

-Nərmin müəllimə, bir müəllim kimin artıq təcrübəli müəllimsiz. İlk sinfə girəndə nə düşünürdünüz?

-Bəli, bu artıq işlədiyim üçüncü məktəb və üçüncü ildir. Məktəbdən asılı olmayaraq ilk gün özümü olduqca həyəcanlı hiss edirdim. Nə yalan deyim, uşaqların mənə və fənnimə necə münasibət göstərəcəkləri də qayğılarımı artırırdı. Ancaq elə ilk dərsdən onların sevgisi məni bu qayğılardan azad etdi, həm də yaxşı mənada təəccübləndirdi.

-Şagirdləriniz sizi sevir, onların sevgisini qazana bilmisiniz?

-Bir insanı hər kəs sevə bilməz, yəqin ki şagirdlərim arasında məni sevməyənlər də mövcuddur. Ancaq bunu mənə hiss etdirməyiblər. Düşünürəm ki, onların sevgisini qazana bilmişəm.

Çalışıram bir az tənbəllik etmək istəyən şagirdləri də dərsə həvəsləndirim. Şagirdlər arasında bir-birindən üstün olmaq istəyi, rəqabətə meyillilik bu işdə mənə kömək edir.

-İlk dəfə müqavilə ilə Balakən rayonunda işləmisniz. Niyə daha yaxın olan rayonları seçməmisiz?

-Mən coğrafiya müəllimiyəm. Düşünürəm ki, oxuyaraq yox, gəzərək daha çox məlumat toplaya bilərəm. Balakəndə qohumlarım yaşayırdı və mən də həm öyrətmək, həm də öyrənmək məqsədilə oranı seçmişdim.

-Daha sonra Cəlilabad rayonunun Zopun kəndində fəaliyyət göstərmisiniz? Ora ilə düşüncələrinizi bizimlə bölüşə bilərsiniz?

-2016-cı ildə müəllimlərin işəqəbulu müsabiqəsində iştirak edərək 51 bal topladım. Yenə fərqli bir bölgəni seçdim və Azərbaycanın qərbindən cənubuna- Cəlilabad rayonuna yollandım. Oranın insanları məni çox yaxşı qarşıladı. Bir şeyi etiraf edim ki, kənd yerlərindəki məsumluq, saflıq, gözəllik və səmimiyyət şəhərlərdə yoxdur.

-Necə oldu ki, yerdəyişmə etmək qərarına gəldiniz?

-Mən Ağstafa rayonunda yaşayıram. Ailəmdən uzaqda olmaq, Cəlilabada aparan yolların uzaqlığı məni bu qərarı verməyə məcbur etdi. Şagirdlərimdən ayrılmaq çox çətin olsa da mən iş yerimi yaşadığım rayona dəyişdim.

-Diaqnostik Qiymətləndirmədə neçə bal toplamısınız? İmtahanın şəffaflığı sizi qane etdi?

-Təhsil Nazirliyi tərəfindən keçirilən Diaqnostik Qiymətləndirmədə iştirak etdim və 56 bal topladım. Hədəfim daha çox bal toplayaraq maksimum nəticə əldə etmək idi. Əlbəttə, imtahan tam şəffaf idi. Elə buna görə də Təhsil Naizrliyinə dərin təşəkkürümü bildirirəm.

-Hal-hazırda Ağstafa rayonunun Aşağı Göycəli kəndinə işləyirsiniz. Kollektivin sizə münasibəti necədir?

-Aşağı Göycəli kənd tam orta məktəbinin kollektivi mənə qarşı qayğıkeş və mehribandır. Məktəb kollektivi gənc müəllimlərə xüsusi qayğı göstərir. Mən ünsiyyət qurmağı tez bacarıram. Ona görə də tez öyrəşirəm.

-Tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nələr edirsiniz?

-Coğrafiya o qədər maraqlı fəndir ki, nəsə etməyə ehtiyyac yoxdur. Şagirdlər özləri bu fənni öyrənməyə maraqlıdır. Təbii ki, mən də müəllim olaraq çalışıram ki, coğrafiyanı digər fənlərlə əlaqələndirim. Çünki, inteqrasiya zamanı şagirdlər daha çox məlumat əldə edir.

-Sonda müəllim olmaq istəyən şəxslərə tövsiyəniz nələrdir?

-Hər şeydən öncə sənətinizi sevin və davam etdirin. Bu işlə məşğul olmaq sizi təcrübələndirəcək və işləmək sizin dünya görüşünüzü artıracaq. Tədris etdiyi fənndən asılı olmayaraq gənc müəllimlərə məsləhət görürəm ki, məktəbə daxil olarkən hər şeyi unutsunlar. Yalnız tədrislə məşğul olsunlar.


Açar sözlər: ,  ,