02.02.2018

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda müsabiqəyə  start verilib

Fevralın 1-də “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2016 - cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” və “2016 - 2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramı”na uyğun olaraq şəhər 3 nömrəli məktəbdə işə başlanılıb.

Müsabiqənin keçirilməsində məqsəd ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların səmərəli istifadəsi, bərpası və mühafizəsinə dair məktəblilərin maarifləndirilməsindən ibarətdir.

Qaydalara uyğun olaraq ilk növbədə şəhər 3 nömrəli məktəbin həyətyanı sahəsi münbit hala salınaraq şumlanılıb. Ağstafa bitki mühafizə mərkəzinin rəisi Camal Əsgərov məktəblilərə torpağın münbitləşdirilməsi, yumşaldılması qaydalarını və bol məhsul əldə etmək üçün görülən işləri haqqında məlumat verib. Müsabiqəyə əsasən VII, VIII, IX və X sinif şagirdləri cəlb olunub.

Müsabiqənin qaydalarına uyğun olaraq növbəti dəfə torpağın rekultifasiyası, toxum səpilməsi, məhsul kimyəvi dərmanlardan istifadə etmədən yetişdirilməsi və konservantlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi Ağstafa rayonunda təhsil şöbəsinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi əsasında həyata keçirilir.


Açar sözlər: ,  ,