23.02.2018

Gənc müəllim - Zoya Hüseyinova

Zoya Hüseyinova 1994-cü ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub. 2012-ci ildə Qıraq Kəsəmən kənd tam orta məktəbini bitirib və elə həmin il Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika müəllimliyi ixtisasına qəbul olub. Universiteti bitirdikdən sonra müəllimlərin işəqəbulu müsabiqəsində iştirak edib. 50 bal toplayaraq Qıraq Kəsəmən kənd tam orta məktəbinə informatika müəllimi təyin edilib.

-Zoya xanım, necə oldu ki, müəllim olmağa qərar verdiniz?

-Lap kiçik yaşlarımdan mən müəllim olmaq istəmişəm. Heç kim məni bu sənəti seçməyə məcbur etməyib. İçimdə bu peşəyə olan sevgi məni müəllim edib. Həmişə bir istəyim olub ki, müəllim olub gələcək nəsilin daha da bilikli və dünyagörüşlü olmasına bacardığım qədər yardımçı olum.

-Bilirik ki, siz Qıraq Kəsəmən kəndində anadan olmusunuz, bu məktəbi bitirmisiniz. Oxuduğunuz məktəbdə müəllim işləmək necə bir hissdir?

-Bəli, mən elə bu məktəbdə təhsil almışam. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Mən şanslı müəlliməm ki, bir zamanlar təhsil aldığım məktəbə müəllim olaraq geri qayıtmışam. Heç zaman ağlıma gəlməzdi ki, öz təhsil aldığım məktəbdə işləyərəm.

-Şagirdlərlə münasibətiniz necədir? Onlarla işləmək çətin deyil?

-Şagirdlərlə münasibətim düşündüyümdən daha yaxşıdır. Düşünürəm ki, bu qısa vaxtda şagirdlərin sevgisini, hörmətini qazana bilmişəm. Yeni məktəbə gəldiyim vaxtlar hər tənəffüs öz adımı eşidirdim. Uşaqların ağzından “Zoya müəllim” kəlməsi düşmürdü. İlk vaxtlar bu mənə qəribə gəlirdi. Amma sonra sevinməyə başladım ki, deməli şagirdlər məni istəyir.

Yox şagirdlərlə işləmək mənə çətin deyil. Universitetdə öyrəndiklərimi dərslərdə tədbiq edirəm, fərqli metodlar axtarıram, şagirdlərin başa düşəcəyi şəkildə danışıram.

-Məktəb kollektivinin sizə qarşı münasibəti necədir?

-Əlbəttə ki, çox yaxşı. Kollektivin əksər müəllimləri mənə dərs deyib. İlk məktəbə gəldiyim vaxtlar mənə çox çətin idi. Hər dəfə müəllimlər otağının qapısı açılanda mən ayağa qalxırdım. Bir zamanlar mənə dərs deyən insanlarla artıq kolleqayam. Hələ də bu vərdiş məndə qalıb. Kollektivdə təcrübəli müəllimlərdən bəzən kömək alıram. Bilmədiklərimi soruşuram.

-Tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nələr edirsiniz?

-Şagirdlərim dərsə maraqla yanaşır, amma danılmaz fakt budur ki, bəzən içərilərində dərsə az meyilli və çətin tərbiyə olunan uşaqlar da olur. Dərslərdə hər bir şagirdin iştirakını təmin etmək üçün qruplar şəklində oyunlar, yarışlar təşkil edirəm. Çalışıram əyani vəsaitlərdən istifadə edim. Dərsləri informatika kabinetində keçirəm. Bu günün şagirdləri informasiyanı tez qəbul edir. Şagirdlərin əksəriyyəti kompüterdən istifadə etməyi bacarır. Bu günün şagirdini təcübləndirmək çox çətindir. Əlimdən gələni eidrəm ki, şagirdlər dərsi yaxşı qavrasınlar.

-Müəllim yoldaşlarınıza və müəllim olmaq istəyənlərə tövsiyəniz nədir?

-Müəllim olmaq istəyənlərə tövsiyəm odur ki, seçdikləri peşəni sevsinlər çünki, bir işi sevərək görmək lazımdır ki, uğur qazanasan. Ən əsası çətinlikləri olsa da məncə dünyanın ən müqəddəs və şərəfli işidir müəllimlik. Bütün həmkarlarıma bu müqəddəs və şərəfli işdə uğurlar arzulayıram.


Açar sözlər: ,  ,