18.04.2018

Gənc müəllim - Rəhminə Məmmədova

Rəhminə Məmmədova 1996-cı ildə Qazax rayonunda anadan olub. 2013-cü ildə orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin kimya fakültəsinin kimya müəllimliyi ixtisasına qəbul olub. Universiteti bitirdikdən sonra müəllimlərin işəqəbulu müsabiqəsində iştirak edib və Ağstafa rayon Yaradullu kənd ümum orta məktəbinə kimya müəllimi təyin edilib.

Rəhminə xanım, necə oldu ki, müəllim olmağa qərar verdiniz?

-Mən kiçik yaşlarımdan mən müəllim olmaq istəmişəm. Bu sevgi mənə bəlkə də anamdan keçib. Uşaqlıqda müəllimliyə olan həvəs böyüdükcə bunu gerçəkliyə çevirdi.

Qazax şəhərində yaşayırsınız, işlədiyiniz məktəb Ağstafanın ən ucqar kəndində işləyirsiniz, Yaradullu kəndində işləyəcəyinizi biləndə nə hisslər keçirdiniz?

-Bəli, yaradullu kəndi təmas xəttinə yaxın yerləşir və rayondan xeyli uzaqdadı.  Ailədə çox şıltaq olmuşam deyə heç kim inanmırdı ki mən belə yerə işləməyə gedərəm. Məni tanıyanların çoxu bu sualı mənə verib. Onu deyə bilərəm ki, şəxsi istəyimlə Yaradullu kəndində dərs deməyə yollanmışam. Əvvəldən özümü çətinliyə hazırlamışdım. Amma düşündüyümün əksi oldu. Kənd və kollektiv düşündüyümdən gaha müasir idi. Burdakı şagirdlər təhsilə çox önəm verirlər. Məktəblilər öyrənməyə daha çox can atırlar.

Tələbə olarkən,  xəyallarınızdakı iş yeri nə olub?

-Bir və ikinci kursda düşünürdüm ki, heç vaxt müəllim işləmərəm. Amma sonrakı illərdə qəti qərar verdim ki, ixtisasım üzrə işləyəcəm. Tələbə olarkən kurslarda müəllim kimi çalışmışam. Uşaqlarla işləmək mənə zövq verir.

Kənd məktəbliləri yeni müəllimlərinə alışıbmı?

-Şagirdlərlə münasibətim düşündüyümdən daha yaxşıdır. Düşünürəm ki, bu qısa vaxtda şagirdlərin sevgisini, hörmətini qazana bilmişəm. Bu məktəb 9 illikdir. Adətən yuxarı siniflər məktəbə çox gəlmir və oxumaq istəmirlər. Amma mənim doqquzuncu siniflərim oxumağa daha meyillidir. Mən onlara qayğı ilə yanaşıram və eyni qayğını onlardan görürəm.

Müəllim yaradıcı olmalıdır, siz şagirdlərdə maraq artırmaq üçün nələrsə etmisiniz?

-Kimya fənni bir qədər dəqiqlik tələb edən fəndir. Amma buna baxmayaq şagirdlərdə maraq yarada bildiyimi düşünürəm. Dərs dediyim şagirdlərə bacı-qardaş kimi yanaşıram. Ona görə də uşaqlar kimya fənninə maraq göstərir. Hətta mənə dərs demədiyim aşağı siniflərdə oxuyan şagirdlər də sual verir ki, “bizə nə vaxt dərs deyəcəksiniz?”, çünki onlar öz bacı və qardaşlarından mənim uşaqlarda maraq, həvəs yaratmaq üçün etdiyim yenilikləri, maraqlı təcrübələri eşidirlər və həvəsləri artır. Belə hallarla qarşılaşdığım zaman həqiqətən sözlə ifadəsi çətin olan sevindirici hisslər yaşayıram və ümid edirəm onların gələcək nailiyyətləri məni daha da sevindirəcək.

Müəllim olmaq istəyən şəxslərə nə tövsiyyə edərdiniz?

-Mən öz ixtisasımı sevən bir müəllim kimi bütün şagirdlərimə, yaxınlarıma müəllimlik peşəsini seçmələrini tövsiyə edirəm. Bəzən qrup yoldaşlarımla telefonla danışıram, görüşürəm. Sual verirlər işin necədir. Əlbəttəki “əla”- deyə cavab verirəm.


Açar sözlər: ,  ,