06.09.2018

“Çəkilən əziyyətin sonunda arzulara qovuşmaq dayanır”

Əfsun Hüseynov Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. O, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 685 bal toplayıb. Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub.

-Əfsun səni təbrik edirik! Artıq Tibb Universitetinin məzunusan, eyni zamanda Ağstafa rayonunda bu ilki məzunlar arasında ən yüksək bal toplamısan. Tələbə olmaq, ən yüksək balı toplamaq necə bir hissdir?

-Yaşadığım bu hissləri təsvir edib sözlə ifadə etmək qeyri-mümkündür. Bunu deyə bilərəm ki, çox sevinirəm. Yüksək bal toplamaq elə də çətin deyil. Sadəcə bir az oxumaq, bir az əziyyət lazımdır ki, məqsədinə çatasan. Rayonda ən yüksək bal toplayan məzunun mən olduğunu biləndə xeyli sevindim. Amma düşünürəm ki, 700 bal toplaya bilərdim. 685 bal da pis nəticə deyil.

-Bu gün 18 yaşlı tələbə Əfsun, bəs 20 il sonra?

-Bu suala cavab vermək olduqca çətindir. 20 il sonra inanıram ki, tanınmış həkim, cərrah Əfsun Hüseynov. İnanın ki, bunu düşünmək belə məni fərəhləndirir. Düşünürəm ki, 20 il sonra arzuladığım kimi bir həkim olacam. Tibb getdikcə inkişaf edir. Mən bu sahədə dərindən çalışsam hansısa xəstəliklərin müalicəsini tapacağımı düşünürəm. Hər kəsə sağamlıq arzu edirəm. İstəmərəm ki, kimsə xəstə olsun. Yaxşı həkimə həmişə ehtiyac var.

-Tibbə maraq səndə nə vaxtdan yaranıb?

-Tibbə maraq doqquzuncu sinifdən yarandı. Atam polisdir. Ona baxıb polis olmaq istəyirdim. Yuxarı siniflərdə özümü həkim kimi görməyə başladım. İnsanlara kömək etməyi sevirəm. Bacım da Tibb Universitetində təhsil alır. O, bu yolda mənə daha çox stimul verdi.

-Gələcək arzuların nədir? Bir az onlardan danış...

-Gələcək arzularım o qədər çoxdur ki, bilmirəm hansından danışım. Birinci təhsilimi başa vurub, xarici ölkələrdə təcrübə toplamaq istəyirəm. Ən böyük arzum xəstələrə şəfa verə bilən, hörmət sahibi olan, tanınan həkim olmaqdır. Ölkəmin adını Beynəlxalq konfranslarda təmsil etmək istəyirəm.

-Gələcəyin məzunlarına hansı mesajı vermək istəyərdin?

-Qarşılarına mütləq məqsəd qoysunlar və məqsədlərinə çaqtmaq üçün  oxusunlar. Demirəm ki, özlərini hər şeydən məhrum etsinlər. Televizora da baxsınlar, radioya da qulaq assınlar, sosial şəbəkələrdən də istifadə etsinlər, ən əsası kitabları sevsinlər və əzmlə oxusunlar. Amma hər şeyi düzgün tənzimləsinlər. Çəkilən əziyyətin sonunda arzulara qovuşmaq dayanır.

 


Açar sözlər: ,  ,