26.09.2018

Şagirdlərimə hər zaman deyirəm: -“Məktəbdə müəlliminiz, kənarda dostunuzam”

Şahin Hüseynov Təhsil Nazirliyi tərəfindən Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək 58 bal toplayıb. O, Vurğun qəsəbə tam orta məktəbinə fizika müəllimi təyin edilib. Şahin müəllim  Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr, Bakı Dövlət Universitetində magistr təhsili alıb.

-Şahin müəllim sizdə müəllim olmaq həvəsi necə yaranıb?

-Müəllim peşəsi gözəl və hörmət qazandıran bir peşədir. Müəllim olmaq gözəl bir hissdir çünki, mən məktəbin həyətinə daxil olanda uşaqların hamısı mənim yanıma gəlib salamlaşırlar, hörmətlə yanaşırlar bu hissləri sözlə ifadə etmək çox çətindir. Həm də kiməsə nəyisə öyrətməkdən zövq alıram.

-Bilirik ki, bu sizin ilk pedaqoji fəaliyyətiniz deyil, daha öncə də müəllim işləmisiniz. Necə oldu ki, yenidən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdiniz?

-Bəli, 6 il Ağstafa rayon Zəlimxan kənd tam orta məktəbində çalışmışam. Bu il yenidən özümü sınamaq qərarına gəldim və müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etdim. 58 bal topladım və Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbinə müəllim təyin edildim. İş yerimi dəyişməkdə əsas məqsədim daha geniş audutoriyalarda daha çox şagirdlərə elm öyrətməkdir.

-Şagirdlərin sizin dərsə marağı necədir, şagirdlərə fənninizi sevdirə bilmisinizmi?

-Düşünürəm ki, şagirdlərə marağı müəllim yaratmalıdır. Çalışqan şagirdlər çoxdur. Mən daha çox müasir üsullardan istifadə edirəm, şagirdlərimi çox yükləməməyə çalışıram. Dərs mövzularını izah edib özümü videoya çəkirəm və həmin videoloarı Youtubeye yükləyirəm. Şagirdlərə tövsiyyə edirəm ki, çətinlik çəkdikləri mövzuları təkrar təkrar izləsinlər. Məncə bu daha səmərəli üsuldur. Şagirdlərə fənnimi sevdirə bilmişəmmi? Bu sualın cavabını ən yaxşı şagirdlərim verə bilər.

-Məktəb kollektivinin sizə qarşı münasibəti nəcədir?

-Kollektivimizlə ilk tanış olduğum gün onların mənə xoş münasibəti mənim məktəbə olan marağımı və həvəsimi daha da artırdı. Onlar məni gülərüzlə qarşılayıb, köməkliklərini əsirgəmədilər. Bundan öncə işlədiyim Zəlimxan kənd tam orta məktəbində də vəziyyət eyni idi. Oradakı pedaqoji kollektiv də mənim üçün doğma və əzizdir.

-Sizcə ideal şagird-müəllim münasibəti necə olmalıdır?

-Şagird-müəllim münasibətində dostluq mütləq olmalıdır.  Müəllim şagirdlə dost olmağı bacarmalıdır ki, şagird hər bir problemini onunla bölüşəcək qədər müəllimi özünə yaxın hiss etsin. Əgər bu səmimiyyət yaradılsa sonuna qədər də belə davam edəcək. Mən şagirdlərimə hər zaman deyirəm. Məktəbdə müəlliminiz, kənarda dostunuzam.

-Müəllim olmaq istəyənələrə nə tövsiyə edərdiniz?

-Müəllim olmaq istəyənlərə tövsiyəm odur ki, əsas öz ixtisaslarını yaxşı bilsinlər. Mülayim olsunlar. Sinfə girərkən özlərini şagirlərin yerinə qoysunlar.


Açar sözlər: ,  ,