01.10.2018

Məktəbəhazırlıq qruplarında məşğələlər başlanılıb

Oktyabrın 1-də Ağstafa rayon ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. 2018-2019-ci tədris ilində 793 nəfər şagird məktəbəhazırlıq qruplarında təhsil alacaq.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesine öncədən alışması, onlarda müəyyən bilik və bacarıqlarının formalaşmasından ibarətdir.

Məktəbəhazırlıq qrupların məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələdən ibarət olacaq. Bir gün ərzində 3 məşğələ keçiriləcək. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Beşyaşlılara il ərzində 7 fənn - ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris ediləcək.

Qeyd edək ki, ötən tədris ilərində Ağstafa rayon ümumi təhsil müəssisələrində 35 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. 2018-2019-ci tədris ilində isə 8 qrup əlavə edilərək məktəbəhazırlıq qruplarının sayı 43-ə çatdırılıb.