04.12.2018

Şagirdləri üçün Göyəzən dağına, Damcılı mağarasına, Avey dağına və bentonit-gil zavoduna ekskursiya təşkil edilib

Dekabrın 3-də şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri üçün Göyəzən dağına, Damcılı mağarasına, Avey dağına və bentonit gil zavoduna ekskursiya təşkil edilib.

Ekskursiyanın təşkil edilməsində məqsəd  yaşadığımız ərazinin flora və faunasını tanıtmaq, tarixi-coğrafi yerləri, qədim geoloji abidələri tanıtmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Şagirdlər ilk olaraq Kiçik Qafqaz dağlarının dağətəyi sahələri ilə tanış olublar. Daha sonra Damcılı mağarası və Avey dağına ekskursiya ediblər. Sonuncu olaraq şagirdlər bentonit-gil zavoduna yollanıblar.

Məktəbin coğrafiya müəllimi Elba Məmmədova şagirdlərə Göyəzən dağının flora və faunası, eyni zamanda landşaft kompleksi ilə bağlı xeyli məlumat verib. Qədim yaşayış məntəqəsi olan Damcılı mağarası öz qədimliyi ilə şagirdlərin diqqətini çəkib.