26.03.2019

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb

Martın 26-da  “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb.

Martın 23-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağstafa rayonundan 40 nəfər IX-XI sinif şagirdi, 4 bələdçi müəllimin müşayiəti ilə Qəbələ şəhərinə yola düşüblər.

Məktəblilər dörd gün ərzində Qəbələ ilə yanaşı, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olublar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradılıb.

Tur-aksiya iştirakçıları müasir turizm infrastrukturuna malik olan Qəbələdə “Tufandağ” kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ tarix və mədəniyyət qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkiblər.

Eyni zamanda məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə tanış olublar. Zaqatalada isə şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olub, Tarix-Mədəniyyət Qoruğuna baş çəkib, Dədə Qorqud Meydanını gəziblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün ildə iki dəfə təşkil edilir.


Açar sözlər: ,  ,