16.05.2019

İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri

Ağstafa rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Təhsil müəssisələrində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Dəyirmi masa” və ədəbi-bədii gecələr təşkil edilir.

Eləcə də təhsil müəssisələrində unudulmaz şairə həsr olunan fotostendlər, bülletenlər hazırlanır, guşələr yaradılır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, “Nəsimi ili” çərçivəsində məktəblilər arasında bədii qiraət müsabiqələri, bilik yarışları keçirilir. Məktəb kitabxanalarında İmadəddin Nəsiminin əsərləri əsasında müzakirələr aparılır.

Tədbirlərdə görkəmli Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edilir, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışılır. Bildirilir ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən şair olub.


Açar sözlər: ,  ,  ,