17.05.2019

Məktəblilər üçün muzeylərə ekskursiyalar təşkil edilir

Beynəlxalq Muzey Günü ilə əlaqədar Ağstafa rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan şagirdlər üçün ekskursiyalar təşkil edilir.

Ekskursiyaların əsas məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.

Ekskursiya zamanı şagirdlər ilk olaraq müasirliyi ilə seçilən mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını, ictimai və siyasi fəaliyyətini əks etdirən muzeylə tanış olurlar. Mərkəzin əməkdaşları ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin gənclər arasında təbliğinin və öyrənilməsinin mühüm əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verirlər.

Şagirdlər mərkəzdəki foto, rəsm, rəqs və intellektual oyun zallarına baxış keçirirlər. Məktəblilər mərkəzdə fəaliyyət göstərən konfrans zalı, kompüter, xarici dil kursları, linqafon kabineti və elektron kitabxana ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Həmçinin şagirdlər Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya edirlər. Burada arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, məişət əşyaları, təsərrüfat alətləri ilə tanış olurlar. Muzey əməkdaşları şagirdlərə geniş məlumat verir.

Ekskursiyanın sonunda mərkəzin kinozalında məktəblilər üçün Azərbaycan tarixinə həsr olunmuş sənədli film nümayiş olunur.


Açar sözlər: ,  ,