27.05.2019

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi 

Mayın 27-də Ağstafa rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə seminar və “Dəyirmi masa”lar, silsilə  tədbirlər keçirilib. Tədbirlərdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə AXC-nin tarixindən, keçdiyi inkişaf yolundan, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən söhbət açılıb. Qeyd olunub ki, 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib.

Tədbirlərdə çıxış edənlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə irqi, milli, dini, sinfi bərabərsizliyin ləğv edildiyini, bütün vətəndaşların hüquq azadlığının təmin olunduğunu, qadınlara kişilərlə bərabər seçki hüququ verildiyini, ölkənin sərhədlərinin müəyyənləşdirildiyini, dövlət bayrağının qəbul olunduğunu, himn və gerbin hazırlandığını diqqətə çatdırıblar.

Tədbirlərdə AXC-nin fəaliyyəti və həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib.