14.09.2019

Böyük Kəsik kənd tam orta məktəbi şagirdlərin istifadəsinə verilib

Sentyabrın  15-də Ağstafa rayon Böyük Kəsik kənd tam orta məktəbinin açılışı olub. Aşılış mərasimində Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Ağstafa Rayon İcra Hakimiyyətin başçısı Nizaməddin Quliyev, 6 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi Emin Əliyev, təhsil şöbəsinin müdiri Kamran Abbasov,  məktəb direktorları, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov məktəbin açılışı və yeni tədris ilinin başlaması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Ölkənin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Aparat rəhbəri təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Muxtar Məmmədov təhsil sahəsində qazanılan uğurlardan söz açıb və  yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Ağstafa Rayon İcra Hakimiyyətin başçısı Nizaməddin Quliyev məktəbin pedaqoji kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ağstafa RTŞ-nin müdiri Kamran Abbasov çıxış edərək məktəbin yenidən tikilərək istifadəyə verildiyinə görə ölkə rəhbərliyi və Təhsil Nazirliyinə rayon təhsil işçiləri adından öz təşəkkürünü bildirib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Rayon mərkəzindən 55 km məsafədə yerləşən Böyük Kəsik kənd tam orta məktəbi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq  yenidən tikilib. 2 mərtəbəli məktəb binasında sinif otaqları, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb.Məktəbdə birnövbəli sistemdə 264 şagird təhsil alacaq.


Açar sözlər: ,  ,  ,