01.10.2019

Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılır

Oktyabrın 1-də Ağstafa rayon ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. 2019-2020-ci tədris ilində 875 nəfər şagird məktəbəhazırlıq qruplarında təhsil alacaq. Rayonun 35 məktəbində 49 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Məktəbəhazırlıq qruplarda həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Ağstafa rayonunda məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı elektron qaydada həyata keçirilib.