09.12.2019

Təhsil şöbəsində Ulu Öndər anılıb

Dekabrın 9-da Ağstafa rayon təhsil şöbəsində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Anım tədbirində ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra təhsil şöbəsinin müdiri Kamran Abbasov dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açıb.

Qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib.

Həmçinin, ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulayıb.

Daha sonra təhsil şöbəsinin əməkdaşı Əli Əliyev çıxış edərək müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulayıb.

 


Açar sözlər: ,